REGİONLAR
Balakəndə qarğıdalı istehsalının yenə də 40 min tonu ötəcəyi gözlənilir
Balakən, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımına başlanılıb. İlk olaraq Qabaqçöl ərazisindəki təsərrüfatlarda yığım aparılır. Bu il rayonda 6 min 885 hektar sahədə qarğıdalı bitkisi əkilib. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində sahələrdə bol məhsul yetişdirilib. Mütəxəssislərin rəyinə görə, hər hektardan orta hesabla 62 sentner məhsul gözlənilir. Balakənli fermerlər cari mövsümdə 40 min tondan çox dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır.
Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının sayı ildən-ilə artır. Gərəkli kəndində fəaliyyət göstərən fermer təsərrüfatının rəhbəri İslam Muradov 20 ildən artıqdır ki, qarğıdalıçılıqla məşğul olur. Fermer AZƏRTAC-a bildirib ki, bu il 90 hektar sahədə qarğıdalı əkib. Məhsul yığımına sentyabrın əvvəllərində başlanılacaq. Fermer cari mövsümdə qarğıdalı sahəsinin hər hektarından 70 sentnerdən çox məhsul gözləyir.