REGİONLAR
Balakəndə şəhid Məhəmməd Abdullayevin xatirəsi anılıb
Balakən, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonundan olan Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin şəhadətə yüksəlməsinin ikinci ildönümündə xatirəsi ehtiramla yad edilib. Balakən şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Çıxışlarda iki il öncə şəhidlik zirvəsinə ucalan Məhəmməd Abdullayevin qısa, şərəfli ömür yolundan xatirələr söylənilib. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, işğalçı erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, Məhəmməd və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
Mərasimdə məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, Məhəmməd Abdullayev 1992-ci il mayın 3-də Balakən rayonunun Talalar kəndində anadan olub. 1998-2009-cu illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Məhəmməd 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Məhəmməd Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.