REGİONLAR
Balakənli arıçı: Pis arı yoxdur, pis arıçı var
Bakı, 12 oktyabr, AZƏRTAC
İqlim şəraitinin dəyişməsi, bunun nəticəsində təbiətin mənfi təsirə məruz qalması biz arıçıları da narahat edir. Bu amillər arıların məhsuldarlığına da öz təsirini göstərir. Bununla yanaşı, bizim özümüzdən də çox şey asılıdır. Məsələn, bu gün ölkəmizə xaricdən damazlıq arı cinsləri gətirilir. Halbuki öz yerli arı cinslərimiz onlardan qat-qat üstündür. Mən şəxsən öz yerli arı cinslərimizin bəslənməsinin tərəfdarıyam.
Bu sözləri AZƏRTAC-a Bakıda keçirilən 19-cu arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Balakən rayonundan olan arıçı İlqar Məmmədov söyləyib.
O, arılara qulluqdan danışarkən deyib: “Arını, ilk növbədə, gənədən qorumaq lazımdır. Arıda qırtlaq və boğaz gənəsi olur. May ayında çərçivədə şanın ancaq 5 santimetr hündürlükdə olanını saxlayırıq, qalanını atırıq. Arılar yenidən boş qalmış yerə şan toxumağa başlayır. Həmin şan erkək arılar üçündür və onlar 24 günə yumurtadan çıxır. Gənələr də tez qaçır, yeni yaranan yuvalara doluşur. Onlar da 21 gündən sonra yumurtadan çıxır. Bax, həmin gənə yumurtaları ilə dolu şan yenidən kəsilib atılır və bununla da biz arı ailəsini gənələrdən xilas edirik. Meyvə ağaclarına çiçək dövründə dərman vurulur. Arılar həm dərmanlanmış meyvə ağaclarından, həm də cır xurma ağacından zəhərlənirlər. Bunun üçün 3 faizli peroksid məhlulunu 1 litr qaynadılmış və sonradan soyudulmuş suda həll edib, hər üç gündən bir çərçivələrə çiləmək lazımdır”.
İlqar Məmmədov bildirib ki, bol məhsul almaq üçün təbiəti qorumalıyıq: “Bizim bölgədə əsasən arılar nektarı akasiya və şabalıd ağaclarından alır. Arıçılıq insanı kamilləşdirir, insanı təbiətə daha yaxından bağlayır. Meşələri arıçılara tapşırsalar, daha səmərəli olardı. Pis arı yoxdur, pis arıçı var. Bu gün biz balın keyfiyyətini laboratoriyadan keçirməklə öyrənirik. Mən deyərdim ki, laboratoriya bir yox, iki olmalıdır, yəni alternativ laboratoriyanın da olması vacibdir”.