DÜNYA
Balidə vulkanın aktivliyinin artması səbəbindən 42 min nəfər təxliyə olunub
Bakı, 25 sentyabr, AZƏRTAC
“Qırmızı xaç” təşkilatının İndoneziya bölməsi Bali adasında Aqunq vulkanının püskürmə ehtimalına görə 42 min nəfərin təxliyə edildiyini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsinin məlumatına əsasən, təxliyə mərkəzlərinə 14 ton humanitar yardım çatdırılıb.
Hakimiyyət orqanları yerli əhalini vulkandan azı 9 kilometr radiusda uzaqlaşmağa çağırır. Vulkanın ətrafında fasiləsiz seysmik təkanların baş verdiyi, yer səthinə maqma qalxması əlamətlərinin müşahidə edildiyi bildirilir.
Bir qədər əvvəl vulkanın aktivləşməsi ilə əlaqədar ölkədə ən yüksək təhlükə dərəcəsi elan olunub. Vulkanoloqlar təhlükəli zona ərazisini genişləndirib, yerli hökumət isə oktyabrın 1-dək fövqəladə vəziyyət rejimi tətbiq edib.
Xatırladaq ki, 1963-cü ildə Aqunq vulkanının sonuncu püskürməsi zamanı adada mindən çox insan həlak olmuşdu.