İQTİSADİYYAT
Bank mütəxəssisləri üçün rəqəmsal ödənişlərə dair təlim təşkil edilib
Bakı, 13 fevral, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində bank mütəxəssisləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, təlimdə “Visa Inc.” beynəlxalq kart təşkilatının mərkəzi Vaşinqtonda yerləşən “Visa School of Public Policy” (VSPP) institutunun baş direktoru Məcid Hucair rəqəmsal ödənişlər və onun iqtisadi əhəmiyyəti, rəqəmsal ödənişlər üzrə tətbiq olunan modellər, rəqəmsal ödəniş və kölgə iqtisadiyyatının qarşılıqlı əlaqəsi, müxtəlif iqtisadi subyektlər arasında nağdsız ödəniş mühitinin formalaşdırılması, habelə “nağdsız şəhər” təcrübəsi haqqında ətraflı məlumat verib.
Qarşılıqlı müzakirələr əsasında keçirilən təlimdə rəqəmsal ödənişlər mövzusu üzrə iştirakçıları maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.