ELM VƏ TƏHSİL
Barselonanın baş memarı AzMİU-da mühazirə oxuyub
Bakı, 9 iyun, AZƏRTAC
İspaniyalı məşhur memar Visente Quayart iyunun 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrə mühazirə oxuyub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dərsdən əvvəl V.Quayart AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Qonaq Azərbaycanda memarlıq və inşaat sahəsində belə bir ali təhsil müəssisəsinin fəaliyyət göstərməsini yüksək dəyərləndirib.
V.Quayart AzMİU-da təhsil alan gənclərə yeni rəqəmsal texnologiyaların memarlıqda tətbiqinin müasir tendensiyaları, bu sahədə ekoloji binaların üstün cəhətləri, Kataloniyada istifadə olunan müasir texnologiyalar barədə məlumat verib. O, şəhərsalma zamanı arxitekturanın saxlanması məsələlərinə toxunub.
Sonda V.Quayart tələbələrin suallarını cavablandırıb.
AzMİU-nun rektoru G.Məmmədova qonağa müasir Azərbaycan memarlığının incisi sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumatların əks olunduğu kitab hədiyyə edib. Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov isə ispaniyalı memara Böyük Bakının regional inkişaf planından bəhs edən kitab bağışlayıb.
Qeyd edək ki, V.Quayart 2011-2015-ci illərdə Barselona şəhərinin baş memarı olub, Kataloniyanın Müasir Memarlıq İnstitutunun yararadıcısıdır. O, hazırda Moskvada “Gələcəyin şəhərlərinin prototipləşdirilməsi” laboratoriyasına və “Şəhər və texnologiyalar: gələcəyin şəhərlərinin prototipləşdirilməsi” beynəlxalq magistr proqramına rəhbərlik edir.