CƏMİYYƏT
Baş Prokurorluq: İtkin düşmüş azyaşlılarda hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 19-da axşam saatlarında paytaxt sakinləri 2004-cü il təvəllüdlü Alamə Kərimovanın, 2006-cı il təvəllüdlü İlahə Ələsgərovanın və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı azyaşlıların qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakıya qayıtmaq qərarına gəldikləri və bu məqsədlə yola çıxaraq paytaxt istiqamətinə gedən “KamAZ” markalı yük avtomobilinə mindikləri məlum olub. Azyaşlılar paytaxta yaxınlaşarkən gecə 3 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.
İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkarlanmayıb.