İDMAN
Baş məşqçi: bədii gimnastlarımızın potensiallarından maksimum istifadə edəcəyinə əminik
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası və Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən ikinci “Aquatic Cup 2019” beynəlxalq turniri davam edir. Azərbaycan komandası ilə yanaşı, turnirdə Rusiya, Qazaxıstan və Özbəkistan bədii gimnastları mübarizə aparırlar. Ümumilikdə, turnirə 150-dən çox gimnast qatılıb. Əminik ki, bədii gimnastlarımız potensiallarından maksimum istifadə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Su İdmanı Sarayının bədii gimnastika üzrə baş məşqçisi və yarışların baş hakimi Aysel Allahverdiyeva iyunun 13-də start götürən “Aquatic Cup 2019” beynəlxalq turniri ilə bağlı deyib. Baş hakim qeyd edib ki, yarışda respublikanın, demək olar ki, bütün regionlarından gimnastlar çıxış edirlər. O, turnirin təşkilində əsas məqsədin ölkəmizdə gimnastikanın daha da inkişafı, kiçik yaşlı gimnastların yarış təcrübələrinin artırılması və onların arasında bacarıqlı gimnastların müəyyənləşdirilməsi olduğunu vurğulayıb.
A.Allahverdiyeva Su İdmanı Sarayında bu idman növünün inkişafı istiqamətində görülən işlərdən də danışaraq deyib: “Su idmanı Sarayında bədii gimnastika üzrə bölmə iki ildən çoxdur ki, fəaliyyət göstərir. İdmançılarımız yerli və beynəlxalq yarışlarda iştirak edirlər. Ümid edirik ki, təmsilçilərimiz bu yarışda bizi yüksək nəticələrlə sevindirəcəklər”.