REGİONLAR


“Basqalın sənətkar qadınları” mövzusunda seminar keçirilib

İsmayıllı, 9 mart, AZƏRTAC

Basqal qəsəbəsi İsmayıllı rayonunda qədim yaşayış məskənlərindəndir. Burada qədim xalq sənətkarlığı bu gün də yaşadılır. Vaxtilə sərbafları (kəlağayı toxucuları) ilə məşhur olan qəsəbədə kəlağayı muzeyi, bazar meydanı buraya gələnlərin diqqətini çəkir. Yaxınlıqdakı Fit dağı, Fit qalası (Mustafa xan qalası da deyilir) turizm potensialı yüksək olan İsmayıllıda Basqalı özünəməxsus gözəlliyi və tarixiliyi ilə fərqləndirir. Basqalı abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələr icra olunacaq. Prezident İlham Əliyevin bu məqsədlə xüsusi proqramın hazırlanması ilə bağlı verdiyi sərəncam qəsəbəyə yeni həyat gətirməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər qəsəbədə keçirilən “Basqalın sənətkar qadınları” mövzusundakı seminarda səsləndirilib.

Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbdə təşkil olunan seminarda Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Azadə Şirəliyeva “Basqalın sənətkar qadınları” mövzusunda məruzə edib. Məruzəçi hələ orta əsrlərdən Basqalda hər bir evdə toxuculuq dəzgahının fəaliyyət göstərdiyini bildirib. XX əsrdə Basqalda sexlər yaradıldıqdan sonra qəsəbə əhalisinin əksəriyyəti toxuculuq və boyaqçılıqla məşğul olub. Həmin dövrdə basqallılar kəlağayı toxuculuğu sənətini 14 şəhərdə yayıblar. Sexlərdə işləyən Basqal qadınlarının sayı 200 nəfərdən çox idi. Bu qadınlar toxuculuq, qəlibçilik, məkiy, ipək sərmək və boyaqçılıqla məşğul olublar.

Məruzəçi Basqalın vəfat etmiş və bu gün fəaliyyət göstərən sənətkar qadınları haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, gələcəkdə bu sənətkarlar haqqında məlumat bazasının yaradılması planlaşdırılır.

Seminarda tam orta məktəbin direktoru Ağasəfər Qafarov, Azərbaycan Dövlət Turizm Agentliyinin əməkdaşı Elşən Mustafayev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək, son vaxtlar Basqalın sənətkar qadınları – kəlağayı ustaları, toxucular, dərzilər, rəssamlar, şirniyyatçılarla yaxın ünsiyyətin qurulduğunu bildirib, onlarla daha sıx əməkdaşlıq ediləcəyi diqqətə çatdırılıb.

Çıxışlarda 62 hektar qoruq sahəsi olan bölgədə Azərbaycan Dövlət Turizm Agentliyinin son vaxtlarda gördüyü kompleks işlərdən də bəhs edilib.

Seminarda, habelə kəlağayı toxuculuğu sahəsində yaradılacaq iş imkanlarından, Basqalın turizm potensialından, Agentliyin planlarından, elmi araşdırmalardan danışılıb. Basqallı sənətkarlar öz bizneslərini qurmağa, təkmilləşdirməyə və qəsəbənin inkişafında yaxından iştirak etməyə dəvət olunublar.

Sonda Basqalın bir qrup sənətkar qadınına hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.