MƏDƏNİYYƏT
Batal janrında respublika rəsm müsabiqəsinin vaxtı uzadılıb
Bakı, 20 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş batal janrında (batal - təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr) respublika rəsm müsabiqəsinin vaxtı may ayınadək artırılıb.
AZƏRTAC xəbər verir ki, bu müsabiqə əhalidə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan tarixinin şanlı döyüş səhifələrinin, dövlət müstəqilliyinin bərpası və qorunması, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, milli təhlükəsizliyinin təmin edilməsi uğrunda qəhrəmanlıq və şücaət göstərmiş vətən övladlarının igidliyini, onların mübarizə əzmini təsviri sənət əsərlərində əks etdirmək məqsədi ilə keçirilir.
Yaşı 20-dən yuxarı olan ali və orta ixtisas təhsilli, peşəkar rəssamlar batal janrında işlənmiş əsərlərini müsabiqəyə təqdim edə bilər. Rəngkarlıq, qrafika əsərləri sərgi-müsabiqəyə təqdim olunarkən çərçivələnməli, heykəltəraşlıq əsərləri isə bərk materiala köçürülməlidir. Əsərlər ixtisaslı mütəxəssislərdən, sənətşünas və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini aprelin 15-dən mayın 1-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Ünvan: Bakı ş., Neftçilər prospekti, 123A, Tel: 012-493-86-33) təqdim edə bilərlər. Göstərilən vaxtdan əvvəl hazır olan əsərlərin fotoşəkilləri [email protected] elektron ünvanına göndərilməlidir.