MƏDƏNİYYƏT
Bataqlıqda yaşayan sehrli pəri haqqında tamaşa nümayiş ediləcək
Bakı, 10 avqust, AZƏRTAC
Sentyabrın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında rusdilli tamaşaçılar üçün “Malefisenta və yatmış gözəl” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşaya yalnız COVID-19 pasportu və ya immun sertifikatı olan şəxslər buraxılacaq.
Malefisenta bataqlıqda yaşayan sehrli pəridir. Bu bataqlıq insanlardan uzaq, sakit və olduqca gözəl mənzərəli yerdir. Lakin günlərin birində Stefan adlı bir gənc bataqlığa gəlir. Malefisenta ilə tanış olur və qız Stefana vurulur. Stefan isə Malefisentanı sevmir, zaman ötdükcə o daha bataqlığa gəlmir. Malefisenta isə böyüyür, bataqlığın kraliçası olur.
Kral Henri bataqlığı işğal etmək niyyətinə düşür. Döyüş gedir və kral ağır yaralanır. Kralı yaralayan və bataqlığı ona təslim etməyə razı olmayan da elə Malefisenta idi. Kral ölümündən əvvəl bəyan edir ki, hər kimsə Malafisentanı öldürsə, kralın yeganə qızı ilə evlənəcək. Başqa sözlə, növbəti kral həmin şəxs olacaq. Stefan bataqlığa gedir, lakin Malefisentanı öldürmür. Onun qanadlarını kəsir və krala aparır. Beləliklə Stefan şahzadə ilə evlənir və qanuni kral seçilir. Qanadlarının yoxluğunu görən Malefisenta isə sanki dəhşətli bir yuxudan oyanır və qaranlığa, zülmətə bürünür. Bütün bataqlıq da onunla bərabər qaranlığa qərq olur.