ELM VƏ TƏHSİL
Bayram tədbiri: “Yer üzünün sevincidir uşaqlar!”
Bakı, 1 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə təşkil olunan “Yer üzünün sevincidir uşaqlar!” adlı tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq struktur bölmə rəhbərləri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, valideyn və şagirdlər iştirak ediblər.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, bayram tədbirinin keçirilməsində əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda vətənə məhəbbət, ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhvali-ruhiyyə yaratmaqdan ibarətdir.
Bayramda ümumi təhsil məktəblərinin şagirdləri bədii proqramla çıxış ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Gününün böyük təntənə ilə qeyd edildiyini bildirib.
Sonda BŞTİ tərəfindən uşaqlara kitab hədiyyə edilib.