CƏMİYYƏT
“Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişikliklər müzakirə olunub VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Milli Məclisin gənclər və idman komitəsinin iclasında “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, qanun layihəsindəki dəyişikliklərə əsasən sənədin 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla da idman mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Həmçinin qanuna əlavə edilən 53-1.7-ci maddədə qeyd edilir ki, “idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.