CƏMİYYƏT
Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru ATU-nun qonağı olub
Bakı, 29 sentyabr, AZƏRTAC
Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor Mixail Gerasimenko və bu ali təhsil müəssisəsinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında olublar.
Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev qonaqlara klinika haqqında geniş məlumat verib.
Professor deyib: “2013-cü ildən fəaliyyət göstərən 500 çarpayılıq klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra və 28 şöbə mövcuddur. Burada tədrislə yanaşı, yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstərilir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələri də var. Tibb ocağı ən müasir avadanlıqla təchiz edilib”.
Sonra ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov universitetdə tələbələr üçün yaradılan imtahan şəraitindən danışıb. Bildirilib ki, obyektivliyin tam təmin edilməsi, qorunması məqsədilə universitetdə imtahanlar onlayn qaydada, test üsulu ilə aparılır. İmtahan şərtlərinə görə, tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar. Artıq iki ildir ki, dövlət imtahanları OSKİ imtahan üsulu ilə aparılır. Həmin üsulla tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlara keçirlər. OSKİ imtahanları beynəlxalq standartlara cavab verən sınaq üsuludur. Dünyanın əksər ölkələrinin tibb universitetlərində, eləcə də digər universitetlərdə tələbələr bacarıq imtahanları verirlər.
M.Gerasimenko Azərbaycan ilə Belarus arasında olan dostluğun, təhsil və tibb sahəsində də irəliləyişlər doğuracağına inandığını bildirib. Professor ölkəsində tibb təhsili sahəsində əldə edilən uğur və nailiyyətlərdən danışaraq deyib: “Biz də universitetimiz nəzdində təhsil və tədrisi, müalicə işini birləşdirən bu cür klinikanın yaradılmasını arzulayırıq. Hələlik, universitetin yalnız şəhər klinik xəstəxanası fəaliyyət göstərir. Əminəm ki, bu məsələdə azərbaycanlı həmkarlarımızın yardım və məsləhətlərindən istifadə edə bilərik”.
M.Gerasimenko, həmçinin diplomdansonrakı dövrdə həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində yaradılan şəraitdən danışıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi Diplomdansonrakı Tibb Təhsili Akademiyası əlavə tibb təhsili verən tədris, elmi və kliniki mərkəz kimi qəbul edilir. Burada tibb sahəsi üzrə mütəxəssislər hazırlanır, həkimlərin təkmilləşdirilməsi və rəhbər şəxslərin ixtisasartırma proqramları mövcuddur. Akademiyada doktorantura, aspirantura və kliniki ordinatura pillələri mövcuddur. Müəssisənin nəzdində müalicə-məsləhət şöbəsi yaradılıb.
Müzakirələr zamanı Belarus və Azərbaycanın tibb təhsili verən ali məktəbləri arasında əməkdaşlıq, rezident və tələbələrin mübadilə proqramlarında iştirakı, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə dair məsələlər haqqında fikir mübadiləsi aparılıb.