DÜNYA
Belçika Federal Xəzinəsi Brüssel bələdiyyəsinin etirazına görə cərimə ödəyəcək
Brüssel, 23 sentyabr, AZƏRTAC
Brüssel paytaxt bələdiyyəsinin ifrat sürətli internet şəbəkələrinin dərhal tətbiqi barədə Avropa İttifaqının direktivini yerinə yetirməkdən boyun qaçırması Belçika Federal Xəzinəsinə 375 min avroya başa gəlib
AZƏRTAC xəbər verir ki, Brüssel şəhər hakimiyyətinin əsas bəhanəsi bu olub: direktiv regionların deyil, federal hökumətin səlahiyyətinə aiddir. Lakin bu arqument Avropa Məhkəməsi tərəfindən rədd edilib və o, hər gün üçün 5 min avro məbləğində cərimə tətbiq edib. Bu da son iki aydan bir qədər artıq müddət ərzində 375 min avro təşkil edib. Aİ, məsələn, Brüssel, Valloniya və ya Flandriya kimi regional, yaxud Şotlandiya və ya Uels kimi milli deyil, üzv dövlətlərlə əməkdaşlıq etdiyinə görə, Belçikanın federal hakimiyyət orqanlarının bu cəriməni ödəməkdən başqa çarəsi qalmayıb.
Qeyd edək ki, Avropa Komissiyasının bu yaxınlarda qəbul etdiyi qərara görə, mobil və internet rabitə operatorlarının kommunal xidmətlərin təmir işləri apardığı yerlərə getmələrinə icazə verilir. Bu da onlara həmin evlərdə mövcud televiziya və telefon kabellərinin yanında lifli-optik kabellərin quraşdırılmasına şəraitin olub-olmadığını yoxlamaq imkanı verir. İdeya bundan ibarətdir ki, ifrat sürətli internet servisləri üçün istifadə oluna biləcək yeni kabellər daha səmərəli quraşdırılsın. Belə yanaşma provayderlərin xərclərini də azaldır. Həmin praktika Azərbaycanda çoxdan tətbiq edilib. Özü də heç bir süründürməçilik olmadan. Hazırda Belçikada Brüssel bələdiyyəsi ilə federal hökumət arasında yaranmış bu münaqişənin mahiyyəti isə bundan ibarətdir ki, paytaxtın hakimiyyət orqanları belə bir məsələdə israrlıdırlar: əvvəlcə federal qanun qəbul edilməlidir, halbuki ölkə hökuməti hesab edir ki, bu işi görmək üçün paytaxt meriyasına Avropa Komissiyasının mövcud direktivi yetərlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel