REGİONLAR
Belçika səfiri: Naxçıvan alternativ enerji mənbələrinin inkişafı sahəsində bəzi Avropa ölkələri üçün nümunə ola bilər
Naxçıvan, 22 sentyabr, Rauf Kəngərli, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı sahəsində bəzi Avropa ölkələri üçün nümunə ola bilər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Naxçıvan şəhərində keçiriləcək “Avropa günləri” ilə bağlı mətbuat konfransında Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs deyib.
Diplomat vurğulayıb ki, Belçika şirkətləri Naxçıvanda Günəş Elektrik Stansiyasının qurulmasında və fəaliyyətinin təşkilində qarşılıqlı əməkdaşlıq çərçivəsində uğurlu nəticələr əldə ediblər.
“Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirirlər, amma təcrübədə böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə alternativ enerji mənbələrindən istifadə istiqamətində konkret nəticələr əldə edilir, həqiqətən enerji təhlükəsizliyi təmin olunur. Ümid edirik ki, bu sahə Naxçıvanda gələcəkdə daha da inkişaf edəcək”, - deyə Bert Skufs qeyd edib.