SİYASƏT
Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi xüsusi önəm kəsb edir
Bakı, 5 may, AZƏRTAC
Dördüncü Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә “Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimedin moderatorluğu ilə keçirilən sessiyada İspaniyanın Abat Oliba CEU Universitetinin iqtisadi həmrəylik kafedrasının direktoru Carmen Parra Rodrigez ölkəsinin digər Avropa dövlətləri kimi miqrant problemini yaşadığını bildirib. Miqrantlar İspaniyanın bir çox şəhərlərində məskunlaşıblar. Barselonada əhalinin 30 faizini miqrantlar təşkil edir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayı 60 milyona çatır. Bu isə 20 il əvvəlki dövrlə müqayisədə 3 dəfə artım deməkdir. Miqrasiya proseslərini idarə etmək hakimiyyətlərin qarşısında duran vəzifədir. Azərbaycan əhalisinin sayı az olsa da, Avropa ilə eyni sayda qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Ölkəmizdə 250 min nəfər məcburi köçkün yeni mənzillərə köçürülüb. Bu insanların problemlərinin həlli üçün milyardlarla dollar vəsait sərf edilib. Azərbaycan dövləti torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı “Böyük qayıdış” proqramı hazırlayır. Bu baxımdan, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası və sakinlərin doğma torpaqlarına qayıdışına hazırlaşmasını xüsusi qeyd etmək olar.
F.Hüseynov deyib ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş vahid Azərbaycan modeli var. Bu gün dünyada bu problemin həllində Azərbaycanın təcrübəsindən istifadə edilir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən çox mühüm işlər həyata keçirilir. Bu da Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən dünyaya nümunə göstərilir.
Dövlət Komitəsi sədrinin müavini vurğulayıb ki, Azərbaycanda heç vaxt etnik və dini zəmində qarşıdurma olmayıb. Təəssüf ki, bəzi ölkələr qaçqın və miqrantların qarşılanmasına mənfi münasibət bəsləyir. Bu ölkələrdən biri kimi Ermənistanı qeyd etmək olar. Bu ölkə Suriyadan gələn erməniləri qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir.
Qraz Şəhər Meriyasında İnteqrasiya və dinlərarası dialoq şöbəsinin müdiri və mətbuat katibi Tomas Racakoviç miqrantların cəmiyyətə inteqrasiyasının vacib olduğunu vurğulayıb. Bildirib ki, bütün insanlar kimi miqrantların da təhsil, səhiyyə və digər sosial imkanlardan yararlanmaq haqları var.
Qlobal Miqrasiya Siyasəti Assosiasiyasının prezidenti Patrik Taran miqrasiyanın əsasən şəhərləri əhatə etdiyini söyləyib. Bildirib ki, miqrantlar Avropada işləyən əhalinin 15 faizini təşkil edir. Almaniyada orta göstəricidən yüksək, yəni, işləyən əhalinin 20 faizini miqrantlar təşkil edir. 2020-ci ilə qədər təkcə universitetlərdə xüsusi peşə sahibləri olan 85 milyon insan tələb olunacaq. Bu da miqrantlara ehtiyacı göstərir. Almaniya, İtaliya, Rusiya kimi ölkələrdə demoqrafik məsələyə görə işçi qüvvəsi azalır.
Sessiya müzakirələrlə davam edib.