Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”ının 3-cü bəndində xüsusi seçki hesablarının yalnız Azərbaycan Beynəlxalq Bankı ASC-nin və ya onun filiallarında açılması nəzərdə tutulmuşdur. Bəzi seçki dairələrinin ərazisində qeyd edilən bankın filiallarının olmaması və ya münasib yerdə yerləşməməsi səbəbindən, digər bankın (Kapital Bank ASC) da imkanlarından istifadə etmək zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq yuxarıda adı çəkilən Təlimatın 3-cü bəndinə dəyişiklik edilməli və Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-4 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bəndə “yalnız” sözündən sonra “Azərbaycan Beynəlxalq Bankı ASC-də” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu filialların mövcud olmadığı seçki dairələrinin ərazisində hesablar “Kapital Bank” ASC-nin filiallarında açılmalıdır.”

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin