CƏMİYYƏT
Bələdiyyələrdə gənclərlə iş komissiyaları yaradılacaq
Bakı, 4 mart, AZƏRTAC
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı və bir sıra bələdiyyələrin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Bələdiyyələrdə gənclərlə iş komissiyalarının yaradılması” mövzusunda onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Gənclər və idman komitəsinin üzvü Vüqar İsgəndərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov tədbirdə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hər bir azərbaycanlının, xüsusən də gənclərin milli birlik nümayiş etdirməsindən danışıblar. Çıxışlarda dövlətimizin başçısının yürütdüyü çoxşaxəli gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyindən danışılıb, gənclərlə iş komissiyalarının yaradılması ilə bağlı praktiki təkliflər irəli sürülüb.
Onlayn görüşdə yerli özünüidarəetməni təmsil edən gənc bələdiyyə üzvləri də yeni komissiyaların yaradılması və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsində fəal iştirak edərək, bu təşəbbüsün zamanın tələbi olduğunu bildiriblər.
Müzakirələr zamanı beynəlxalq təcrübə, o cümlədən qardaş Türkiyə bələdiyyələrində gənclərin iştirak etdikləri tədbirlər barədə məlumat verilib.
Yekunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları bələdiyyələrdə gənclərlə iş komissiyalarının yaradılması ilə bağlı maarifləndirmə tədbirlərini mütəmadi davam etdirmələri qərara alınıb.