SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi Niderland Kraliçasına təbrik məktubu ünvanlamışdır
Amsterdam, 30 aprel ( AZƏRTAC ). Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, qurum hər il olduğu kimi, bu dəfə də Niderlandın milli bayramı – Kraliça Günü münasibətilə ölkənin kraliçası Beatriksə təbrik məktubu ünvanlamışdır.
BAK-ın sədri Sahil Qasımovun imzası ilə göndərilən məktubda deyilir : “Niderlandda yaşayan Azərbaycan icması bu əlamətdar hadisə münasibətilə Sizi və Sizin timsalınızda bütün Niderland xalqını təbrik edir. Krallıqda yaşayan digər xalqların nümayəndələri kimi, azərbaycanlılar da ölkə tarixində əlamətdar hadisə olan bu günə mühüm önəm verirlər.
Niderland krallığında yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, mövcud qanunlara hörmətlə yanaşır, yerli cəmiyyətə uğurla inteqrasiya olunur, Hollandiyanın inkişafı və çiçəklənməsi naminə hollandlarla birlikdə çiyin-çiyinə çalışırlar.
Bir daha Sizi ölkənizdə yaşayan Azərbaycan icması adından səmimi təbrik edir, Sizə uzun ömür və cansağlığı arzülayırıq”.
Benilüks Azərbaycanliları Konqresi Kralica Beatriksə ölkəmizin mədəniyyətini, adət-ənənələrini əks etdirən hədiyyələr bağışlamışdır.
Kraliçanın rəsmi iqamətgahı olan Noordenide sarayından təbrik məktubuna və hədiyyələrə görə BAK-a rəsmi təşəkkür bildirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Amsterdam