SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi niderlandlı deputatlara müraciət edib
Bakı, 21 yanvar, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresi (BAK) 20 Yanvar faciəsinin araşdırılması üçün Niderland parlamentinin deputatlarına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, BAK-ın sədri Elsevər Məmmədovun imzası ilə ünvanlanan məktubda M.Qorbaçovun göstərişinə uyğun olaraq, tərkibində ermənilərin də olduğu sovet qoşun hissələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bu qanlı qırğın Azərbaycanın suverenliyinin və beynəlxalq konvensiyaların kobudcasına pozulması kimi qiymətləndirilir. Əslində, SSRİ rəhbərliyinin məqsədi Azərbaycan xalqının demokratik və milli azadlıqlarını boğmaq olub.
Bildirilib ki, hadisələrdən 31 il keçməsinə baxmayaraq, xalqımız həmin dəhşətli günləri daim xatırlayır. O zaman SSRİ liderləri, o cümlədən bu əmri imzalamış Mixail Qorbaçov məsuliyyətə cəlb olunmadılar, 20 Yanvar hadisələri isə beynəlxalq hüquqa uyğun olaraq lazımınca qiymətləndirilmədi.
Məktubun sonunda Niderlanddakı 30 minlik azərbaycanlı icmasının adından bildirilib: “Biz beynəlxalq hüquq normalarının pozulmasının araşdırılmasını və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını istəyirik. Sonra isə beynəlxalq məhkəmə Azərbaycan xalqı və zərərçəkənlər adından qərar qəbul edə bilər”.