CƏMİYYƏT
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində 15 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində də mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı fiziki və ya hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur. Prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətindəki 15 ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Bərdə Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla cari ilin yanvarında həmin xəstəxananın baş həkimi Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyənləşdirilərək ödənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.