CƏMİYYƏT
Bərdə rayonunda silahlı insidentlə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən il avqustun 12-də Bərdə rayonu ərazisində baş vermiş silahlı insident zamanı rayon sakini Camalov Mansur Kamil oğlunun qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaqı aparılan cinayət işi barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla 2020-ci il avqustun 11-də saat 23 radələrində müxtəlif növ odlu və soyuq silahla silahlanmış bir qrup şəxs - Rəşad Zamanov, Cavidan Məmmədov, Şirxan İmanov və Xəyyam Musazadənin ictimai qaydanı kobud şəkildə pozaraq aralarında daha əvvəl baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Bərdə rayonunun Şorəlli kəndi ərazisində Rauf Bağırov, Mansur Camalov, Ziyad Tahirzadə, İbrahim Abbasov, Adıgözəl Abbasov, Nicat Əzizov, Qoşqar Babayev və Ruslan Süleymanovla görüşən zaman silahlı münaqişə baş verdiyi və nəticədə Mansur Camalovun qəsdən öldürüldüyü, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasovun isə qəsdən öldürülməsinə cəhd göstərildiyi müəyyənləşdirilib.
Rəşad Zamanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri, Cavidan Məmmədova 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi adam öldürməyə cəhd) və digər maddələri, hadisənin iştirakçıları olan digər 9 nəfər təqsirləndirilən şəxsə isə törətdikləri cinayət əməllərinə uyğun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib və onların hər biri barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq yekunlaşdırılıb və cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə və digər məhkəmələrə göndərilib.