REGİONLAR
Bərdədə Dövlət Bayrağı Günü münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
Bərdə, 8 noyabr, AZƏRTAC
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bərdədə rayon gənclərindən ibarət komandalar arasında keçirilən milli mahnılar üzrə karaoke müsabiqəsinin qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayon Gənclər və İdman İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə təhsil şöbəsinin, Bərdə regional “ASAN xidmət” mərkəzinin, mədəniyyət işçilərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin komandaları iştirak edib.
Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Bərdə Regional Mədəniyyət İdarəsinin rejissoru Mehman Quliyev və başqaları çıxış edərək, Dövlət Bayrağı Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb, müsabiqə barədə məlumat veriblər.
Sonra müsabiqədə iştirakçıların ifaları dinlənilib. Münsiflər heyətinin qərarına əsasən, Təhsil Şöbəsinin “Hərum” komandası birinci, mədəniyyət işçilərinin “Can Azərbaycan” komandası ikinci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin “Birincilər” komandası üçüncü, Bərdə regional “ASAN xidmət” mərkəzinin “Üçrəngli bayraq” komandası dördüncü yerə layiq görülüb. Qalib komandalar və hər komandanın daha çox bal toplamış üzvü təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.