REGİONLAR
Bərdədə kənd təsərrüfatı məhsulları istehsalı 12,4 faiz artıb
Bərdə, 13 oktyabr, AZƏRTAC
Bərdə rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artım dinamikası əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də davam edib.
Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-a bildirib ki, ilin doqquz ayında rayonda 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. İstehsal olunan məhsulun 94,5 milyon manatı heyvandarlıq, 55,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Oktyabrın 1-nə olan məlumata görə, təsərrüfatlarda 96 min 611 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 520 baş inək və camış, 144 min 563 baş qoyun və keçi olub. 2016-cı ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 2 faiz, o cümlədən inək və camışların sayı 1,3 faiz, qoyun və keçilərin sayı 1,3 faiz artıb. İlin doqquz ayında rayon üzrə diri çəkidə 15 min 314 ton mal-qara və quş əti, 58 min 524 ton süd, 26,2 milyon ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 4,1 faiz, yumurta istehsalı 3,4 faiz artıb.
Rayonun torpaq mülkiyyətçiləri dənli və dənli paxlalıların yığımını əsasən başa çatdırıblar. 13 min 980 hektar sahədən 53 min 506,3 ton taxıl məhsulu götürülüb. Hər hektardan məhsuldarlıq orta hesabla 38,3 sentner təşkil edib. Bundan başqa 1672,5 ton qarğıdalı, 1991 kartof, 37 min 500 ton tərəvəz, 28 min 200,3 ton bostan məhsulları, 550,6 ton dən üçün günəbaxan, 12 min 777 ton şəkər çuğunduru, 7261 ton meyvə istehsal olunub. Hazırda pambıq, şəkər çuğunduru, meyvə yığımı davam edir.
Fermerlər 2018-ci ilin məhsulu üçün əkin-səpin işlərini də davam etdirirlər. Cari ilin payızlıq əkinləri üçün 6425 hektar sahədə şum qaldırılıb, gələn ilin məhsulu üçün 195 hektar sahədə payızlıqlar səpilib.