REGİONLAR
Beton üzlüklü kanalın 18 kilometrlik hissəsi əkinçilərin istifadəsinə verilmişdir
Kürdəmir, 4 mart (AZƏRTAC). Kürdəmir rayonundakı Çərtəyəz, Çöl-Ərəb və Muradxan kəndlərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması əkinçilərin böyük sevincinə səbəb olmuşdur. Belə ki, “QELİOS” firması müvafiq layihəyə uyğun olaraq Kür çayından saniyədə 3,6 kubmetr su ötürə bilən beton üzlüklü kanalın çəkilişini uğurla həyata keçirməkdədir.
AZƏRTAC xəbər verir ki, ümumi uzunluğu 36 kilometr olan kanalın 18 kilometrlik hissəsi qısa müddətdə çəkilərək əkinçilərin istifadəsinə verilmişdir. Eyni zamanda Kür çayı üzərində hər biri saniyədə 1,6 kubmetr suvurma qabiliyyətinə malik iki üzən nasos stansiyası quraşdırılmışdır.
Hazırda kanalın qalan hissəsinin çəkilişi surətlə davam etdirilir və işlərin ilin axırınadək başa çatdırılması nəzərdə tutulur. Kanal tam istifadəyə verildikdən sonra rayonun bir çox kəndlərinin suvarma suyu ilə təminatında əsaslı dönüş yaranacaqdır.