REGİONLAR
Beyləqanda “Müstəqilliyimiz əbədidir” adlı elmi-praktik konfrans keçirilib
Beyləqan, 19 oktyabr, AZƏRTAC
Beyləqanda keçirilən “Müstəqilliyimiz əbədidir” adlı elmi-praktik konfransda 28 əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan bəhs edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda çıxış edən Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Mirzəyev Azərbaycanı azadlığa aparan çətin yoldan, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Bildirib ki, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci ilin oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb və ölkəmizdə hökm sürən xaos və anarxiyanı aradan qaldırılıb. Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter alıb.
Rayon Musiqi məktəbinin direktoru Nigar Fətiyeva, Mərkəzləşdirilmiş kitabxana sisteminin şöbə müdiri Qəmər Abbasova, Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli çıxışlarında Azərbaycanın Dövlət Müstəqilliyinin qorunub saxlanılması və onun əbədi və dönməzliyinin bərpa edilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Liderin adı ilə bağlıdır. Bu gün biz fəxrlə deyə bilərik ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılması istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinə və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müstəqilliyə gedən yol” adlı kitab sərgisi iştirakçıların marağına səbəb olub.