CƏMİYYƏT


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Milli Onkologiya Mərkəzində olub

Bakı, 19 aprel, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukio Amano Azərbaycana səfəri çərçivəsində aprelin 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) olub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, BAEA-nın, həmçinin ölkəmizin Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev Y.Amanoya MOM-u ziyarətinə və elmi-texniki əməkdaşlıq sahəsində intensiv əməkdaşlığı dəstəklədiyinə görə təşəkkürünü bildirib. Akademik C.Əliyev Milli Onkologiya Mərkəzində reallaşdıran əməliyyatlardan, elmi-tədqiqat işlərinin xüsusiyyətlərindən söz açıb, burada baş vermiş mühüm dəyişikliklərdən, mütəxəssislərin peşəkar səviyyəsindən, ultramüasir avadanlıqların iş prinsiplərindən danışıb. Akademik bu gün Milli Onkologiya Mərkəzinin möhtəşəm bir layihə kimi yüksək səviyyəyə gəlib çatmasında, səmərəli fəaliyyətində danılmaz xidmətləri olan dövlətimizin başçısı İlham Əliyevin daimi qayğısı və diqqətini xüsusi vurğulayıb. Cəmil Əliyev daimi dəstəyə və əməkdaşlığa görə Yukio Amanoya, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə bir daha minnətdarlığını bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano səmimi görüş üçün akademik Cəmil Əliyevə təşəkkürünü bildirib və Milli Onkologiya Mərkəzinin bu cür yüksək səviyyəli fəaliyyətinə və müasir elmi-təcrübi göstəricilərinə görə təbrik edib. Qonaq əhaliyə onkoloji xəstəliklər zamanı yardımın strukturu, nüvə təhlükəsizliyi məsələləri, onkoloji, tibbi və nüvə fizikası sahəsində ixtisaslaşma ilə maraqlanıb. BAEA-nın baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzi kimi yüksək səviyyədə təchiz edilmiş elmi strukturlara hətta Avropa miqyasında da nadir hallarda təsadüf edilir və MOM qonşu dövlətlərin onkoloji xəstələrinə belə yüksəkkeyfiyyətli yardım göstərmək iqtidarındadır. Y.Amano Milli Onkologiya Mərkəzi ilə gələcəkdə də sıx şəkildə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Qonaqlar Mərkəzin radioterapiya şöbəsinin işi ilə tanış olub, Nüvə Təbabəti Mərkəzinə gedib, PET-KT bölümünün və radioaktiv tibbi məhsullar hazırlayan Tsiklotron reaktorunun işi ilə tanış olublar.

Görüşün sonunda Yukio Amano Milli Onkologiya Mərkəzinin muzeyində olub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.