ELM VƏ TƏHSİL
Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar
Bakı, 7 avqust, AZƏRTAC
Bakıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıları avqustun 7-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
AZƏRTAC xəbər verir ki, Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar “Qız qalası” və digər abidələrlə yaxından tanış olublar.
Olimpiada iştirakçıları, həmçinin Azərbaycan Milli Xalça Muzeyinə baş çəkiblər. Onlara məlumat verilib ki, muzeyin sərgi zallarında və fondunda 13 min 300-dən çox eksponat saxlanılır. Muzeydə Quba, Qəbələ, Şirvan, Qazax, Təbriz, İrəvan, Gəncə, Şəki və digər şəhər və regionlardan Azərbaycanın zəngin tarixini əks etdirən qiymətli eksponatlar və sənət əsərləri nümayiş olunur.
Qeyd olunub ki, 2010-cu ilin noyabrında “Azərbaycan ənənəvi xalçatoxuma sənəti” UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qonaqlar muzeydən zəngin təəssüratla ayrılıblar.
Xatırladaq ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.
Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Əsas yarış Milli Gimnastika Arenasında keçirilir. Tədbirin bağlanış mərasimi Heydər Əliyev Mərkəzində olacaq. Məktəblilər “Atletlər kəndi”ndə yerləşdirilib. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərir. Onlar müxtəlif tədbirlər, maraqlı proqram sayəsində yarışdan kənar vaxtlarını səmərəli keçirə bilirlər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və digər məkanlara ekskursiyalar təşkil olunacaq.
“IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir.