İDMAN
Beynəlxalq Könüllülər Günü qeyd olunub VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Beynəlxalq Könüllülər Günü münasibətilə mərasim təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir Formula-1 Azərbaycan Qran-Prisinin Pit-binasının Paddok Klubunda keçirilib.
Tədbirdə Formula-1 Azərbaycan Qran-Prisinin könüllüləri, ASAN könüllüləri və “Canlı İşıqfor” piyadalara kömək təşəbbüs qrupunun üzvləri iştirak ediblər.
BŞH-nin İşçi qüvvəsi şöbəsinin meneceri Atif Qəmbərov, ASAN Könüllülər məktəbinin rəhbəri Cahangir Hacıyev və “Bir” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə çıxışlarında Azərbaycanda könüllülük hərəkatının sürətli inkişafından danışıb, könüllülük proqramına qoşulan gəncləri təbrik ediblər. Qeyd olunub ki, könüllülülərimiz ölkəmizin və gənclərimizin rifahı naminə mötəbər beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisində iştirak etmək üçün 12 mindən çox könüllü müraciət edib. Yaxın günlərdə müsabiqədən uğurla keçən 3 min nəfərin adı elan ediləcək və onlar təlim mərhələsinə dəvət olunacaqlar.
Daha sonra könüllülər arasında viktorinalar keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub.
Tədbir gənc ifaçıların konsert proqramı ilə davam etdirilib. Həmçinin könüllülər üçün əyləncəli proqram təşkil edilib.