ELM VƏ TƏHSİL


Beynəlxalq Muzeylər Günündə Ədəbiyyat Muzeyinə gələnlərin sayı 3 minə yaxın olub

Bakı, 18 may, AZƏRTAC

Sənətin, mədəniyyətin qədimliyi, müasirliyi ilə dəyər qazanmış nadir incilər müxtəlif təyinatlı muzeylərdə qorunur və təbliğ olunur. Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə imzaladığı qərara görə, bu sənət ocaqlarının peşə bayramı məhz mayın 18-nə təyin olunub. Azərbaycanın bölgə, tarixi-diyarşünaslıq muzeyləri də daxil olmaqla, Bakı şəhərinin bütün muzeyləri həmin gün təmənnasız olaraq qapılarını tamaşaçıların üzünə açır. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi də çoxillik ənənəsinə sadiq qalaraq peşə bayramı günündə ziyarətçiləri elm, mədəniyyət və ədəbiyyat dünyasına qonaq edib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, “açıq qapı” günündə muzeyi 189-190 nömrəli tam orta məktəbin və digər orta təhsil müəssisələrinin şagirdləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin və müxtəlif ali məktəblərin müəllim və tələbələri, eləcə də ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət ediblər. Onlara muzeyin ən qədim dövr, orta əsrlər, folklor, müasir dövr ədəbiyyatını, tarixini, görkəmli söz, fikir insanlarını tanıdan geniş zallarında müxtəlif dillərdə izahatlar verilib. Muzeydə yer alan eksponatlar və mühüm ədəbi faktlar ziyarətçilərin diqqətinə çatdırılıb. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3 min nəfərə yaxın olub.

Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş sərgi də ziyarətçilər tərəfindən maraqla izlənilib. On lövhədən ibarət olan sərgidə Ulu Öndərin Azərbaycan ədəbiyyatına, onun parlaq nümayəndələrinə sevgi və qayğısının timsalı olan şəkillər, Heydər Əliyevin klassik dövr ustadlarının bədii irsinə bağlılığını, Türk dünyası ədəbiyyat xadimləri ilə görüşlərini, unudulmaz fikirlərini əks etdirən bölmələr yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.