CƏMİYYƏT
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və Beynəlxalq Tibb Bacıları günləri qeyd edilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və Beynəlxalq Tibb Bacıları günlərini qeyd edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və ÜST-nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara gününün 160 illiyi və 12 may - Ümumdünya Tibb Bacıları Gününə həsr olunan tədbir keçirilib.
Tədbirin əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara hərəkatının əhəmiyyəti və humanitar missiyalar zamanı bu hərəkatın rolunu vurğulamaq, o cümlədən səhiyyə xidmətlərində önəmli rola sahib olan tibb bacısı peşəsi və bu peşənin humanitar missiyalarda nə qədər vacib olmasına diqqət çəkməkdir, eləcə də Heydər Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafındakı xüsusi xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırmaqdır.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı başçısı xanım Draqana Koiç və ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış ediblər.
ÜST-nin məsləhətçisi Sevgi Turan “Ümumdünya Səhiyyə Təşkilatının tibb bacısı və mamalığın gücləndirilməsi üzrə fəaliyyətləri”, AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü”, AzQAC könüllüsü, tibb üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova “Tibb bacısı peşəsinin humanitar yardımlarda rolu” və “Florence Nightingale” medalı haqqında təqdimatlar edib.
Daha sonra “Florence Nightingale” medalına layiq görülən tibb bacısı Firuzə Əliyeva keçdiyi həyat yolundan danışıb.
Tədbir Qızıl Xaç və Qızıl Aypara hərəkatına eləcə də, səhiyyə xidmətlərinə böyük töhfələr vermiş tibb bacılarının mükafatlandırılması ilə yekunlaşıb.