CƏMİYYƏT
Beynəlxalq Sosial Təminat Assosiasiyasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 14 may, AZƏRTAC
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) prezidenti Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.
AZƏRTAC xəbər verir ki, forumdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Forum iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə edib, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyublar.
BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına, fəal əməkdaşlıq və təcrübə mübadilələrinə şərait yaradan unikal platformadır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisi kimi, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakı şəhərində təşkil edilməsi qərara alınıb. Forumda beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.