CƏMİYYƏT
Beynəlxalq Türk Akademiyası “Türk dünyası və fenomen Elbası” adlı beynəlxalq tədbir keçirib
Nur-Sultan, 26 noyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtında Beynəlxalq Türk Akademiyası tərəfindən bu ölkənin Birinci Prezidenti Gününə həsr olunmuş “Türk dünyası və fenomen Elbası” adlı beynəlxalq tədbir keçirdi.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstanın dövlət və ictimai xadimi, türkoloq, akademik, Mırzatay Joldasbekov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Qırğızıstan, Türkiyə, Macarıstan, Monqolustan və Türkmənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın Elmlər akademiyalarının rəhbərləri, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, eləcə də tanınmış ictimai və dövlət xadimləri, alim-türkoloqlar iştirak ediblər.
Tədbir qardaş ölkələrin türk inteqrasiyasının memarı kimi yüksək qiymətləndirdiyi Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin tarixi rolu və irsinə, eləcə də onun xidmətlərinin təbliğinə və türk dünyasının inkişafına verdiyi töhfələrə həsr olunub.
Tədbir iştirakçıları türk dünyasının birliyində sabiq Prezident Nursultan Nazarbayevin böyük nailiyyətlərindən və uğurlarından danışıblar.
Qeyd edək ki, hər il dekabrın 1-də Qazaxıstanın Birinci Prezidenti Günü qeyd edilir. Ölkədə 2012-ci ildən qeyd olunan bayram Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin ölkənin inkişafında göstərdiyi xidmətlərini qeyd etmək və tanıtmaq üçün təsis olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan