MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq onlayn konfransda çıxış edib

Bakı, 27 iyun, AZƏRTAC

Türkmənistanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Məhtimqulu və Türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə beynəlxalq və ictimai təşkilatların rəhbərləri, diplomatlar, elmi və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər.

Konfransda fəxri qonaq qismində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, hazırda ölkələrimizin, xalqlarımızın, bütün dünyanın çətin sınaqdan keçməsinə, çox ciddi problemlə - insan həyatına təhlükə ilə üzləşməsinə baxmayaraq, türkmən ədəbiyyatının klassikı Məhtimqulu Fəraqiyə həsr olunmuş tədbir belə formatda olsa da yenə də keçirilir, çünki mədəniyyətimiz, incəsənətimiz, türk dəyərlərimiz heç bir xəstəliyə məğlub ola bilməz, biz bu dəyərləri qoruyub saxlamalıyıq.

Günay Əfəndiyeva bizi birləşdirən dəyərlərin tarixdən bu günədək yaşadılmasını qeyd edərək, müasir zamanda da, pandemiya şəraitində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə türkdilli ölkələrin dövlət başçılarının bu il aprel ayında bir araya gəlməsi, onların Türk Şurasının Fövqəladə Zirvə İclasında iştirak etməsi, müzakirələrin aparılması, birgə həmrəyliyin sərgilənməsi mövcud olan qardaşlıq və dostluğun bir daha təsdiqlənməsini vurğulayıb.

Fondun prezidenti, Məhtimqulu Fəraqinin şəxsiyyəti və yaradıcılığı haqqında bəhs edib: “Məhtimqulu türkmənlərin yalnız ədəbiyyatında deyil, ictimai və milli şüurunda müstəsna yer tutan sənətkarıdır. Türk Dünyasının nəhəng klassiklərindən Əhməd Yasəvinin, Yunus Əmrənin fəlsəfi hissləri ilə bəhrələnən Məhtimqulu, ictimai ədəbi əxlaqı, milli təəssübkeşliyi ilə Türkmən poeziyasında yeni epoxa açmışdır”.

G.Əfəndiyeva şairin yaradıcılığının tamamilə ümumtürk milli təfəkkürünə malik olduğunu, onun şeirlərinin tək bir kökdən – türk kökündən boy atmasından irəli gəlməsini qeyd edib.

Fondun prezidenti mütəfəkkirin yaradıcılığının qorunmasına diqqət çəkərək, böyük ədibin dəyərli irsinin öyrənilməsi, tədqiqi, nəşri türkdilli ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafında və türk mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının nəhəngləri” adlı şeir antologiyası hazırlandığı haqqında məlumat verərək, Məhtimqulunun şeirlərinin də bu kitabda yer aldığını nəzərə çatdırıb.

Sonda Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsi haqqında bəhs edərək, Türkmənistanın bu müsabiqədə aktiv iştirak etdiyini və üç türkmən məktəblisinin yüksək yer qazandığını söyləyib.

Bununla bağlı konfransın sonunda Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev Günay Əfəndiyevaya ayrıca təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.