SİYASƏT


Beynəlxalq humanitar təşkilatların rəhbərləri Ermənistanın Azərbaycana qarşı təxribatı barədə məlumatlandırılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Əhmədov beynəlxalq humanitar təşkilatların rəhbərlərinə məktublar ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Nazirin müavini məktublarda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verib.

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan və raket sistemlərindən Azərbaycan Ordusunun mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması və yaralanması, yaşayış binalarının, mülki və digər obyektlərin dağıdılması faktları diqqətə çatdırılıb. Erməni tərəfinin beynəlxalq humanitar hüquqa məhəl qoymadan bir qayda olaraq mülki əhalini və infrastrukturu hədəfə almasının xüsusi narahatlıq doğurduğu qeyd edilib. Belə ki, Moskva şəhərində əldə olunan humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını “SCUD” raket sistemindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 10-u qadın, 9-u uşaq olmaqla 34 nəfər yaralanıb.

Baş Nazirin müavini bunun Ermənistanın dünya ictimaiyyətinin sülh çağırışlarına, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymadığını əyani şəkildə sübuta yetirdiyini ifadə edib.

Əli Əhmədov bildirib ki, beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayətləri törətməsinə laqeyd qalmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.