İQTİSADİYYAT


Beynəlxalq qurumlarla ölkəmizin milli maraqlarına söykənən əməkdaşlıq iqtisadiyyatımızın dayanıqlı inkişafına xidmət edə bilər

Bakı, 2 iyun, AZƏRTAC

Beynəlxalq qurumlarla Azərbaycanın milli maraqlarının prioritetliyinə söykənən formatda əməkdaşlıq milli iqtisadiyyatımızın dayanıqlı və qabaqlayıcı inkişafına xidmət edə bilər.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.

E.Məmmədov bildirib: “Son zamanlar bir sıra beynəlxalq miqyasda mövqeləşmiş qurumların rəhbərlərinin Prezident İlham Əliyevlə videogörüşlər keçirməsi ilə bağlı təşəbbüs göstərmələri artıq formalaşmış trenddən xəbər verir. Bu trend ondan ibarətdir ki, dünya iqtisadiyyatında dərin böhran şəraitinin mövcud olduğu vaxtda Azərbaycan öz iqtisadi potensialı və ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən, bütövlükdə effektiv makroiqtisadi idarəetmə siyasəti ilə kifayət qədər ciddi suveren qızıl-valyuta rezervləri ilə beynəlxalq qurumların, potensial investorların diqqətini xeyli dərəcədə artırmaqdadır. Bu, ölkəmizin beynəlxalq müstəvidə strateji hesab olunan məsələlərə dair mövqeyinin güclənməsinə ciddi əsaslar yaradır”.

Azərbaycanla dünyanın mötəbər maliyyə qurumlarından olan Asiya İnkişaf Bankı (ADB) arasında regional əməkdaşlığın mövcud olduğunu deyən ekspert bildirib ki, ölkəmiz ADB ilə bir sıra mühüm layihələr reallaşdırıb və yeni layihələr üzərində işləyir. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür: “Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın iqtisadi potensialı taleyüklü istiqamətlər üzrə bütövlükdə investisiya siyasətinin daxili imkanlar hesabına reallaşdırılmasına imkan verir. Lakin birbaşa xarici investisiyaların ölkəyə cəlb edilməsi, texnologiyaların idxalı baxımından beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq ölkə iqtisadiyyatının rəqabət imkanlarını gücləndirə bilər. Hesab edirəm ki, beynəlxalq qurumlarla ölkəmizin milli maraqlarının prioritetliyinə söykənən formatda əməkdaşlıq milli iqtisadiyyatımızın dayanıqlı və qabaqlayıcı inkişafına xidmət edə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.