İQTİSADİYYAT
Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi təmir olunur VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi döngə 6-da təmir işləri həyata keçirilir. Sözügedən küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması orada yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradıb.
"Azəryolservis" ASC-dən AZƏRTAC-a bildirilib ki, təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burda yeni asfalt-beton örtüyü döşənməmişdən öncə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kvadratmetr sahəsinə döşənir.
Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.