REGİONLAR
Biləsuvarda Dövlət Müstəqilliyi Günü qeyd edilib
Biləsuvar, 18 oktyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsinin 27-ci ildönümünə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Müstəqillik aktının qəbul edilməsinin tarixinə qısa nəzər salan rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. “Ötən əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan qısa müddətdə onu itirsə də, 90-cı illərdə yenidən istiqlalına qovuşdu”, - deyən icra hakimiyyətinin başçısı bildirib ki, gənc müstəqil respublika çox keçmədən dərin siyasi və iqtisadi böhranla üzləşdi, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yarandı. Ümummilli Liderin gərgin səyləri ilə davamlı ictimai siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanıldı və Azərbaycan sivil dünyaya inteqrasiya etdi. “Əsrin müqaviləsi” ilə respublikanın iqtisadi əsasları yaradıldı, siyasi islahatlar start götürdü, ordu quruculuğuna başlandı, demokratik parlament seçkiləri keçirildi, ilk Konstitusiya qəbul edildi.
Çıxışlarda bildirilib ki, Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq birlikdə layiqli yer tutub, sosial-iqtisadi inkişafa nail olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.