REGİONLAR
Biləsuvarda ümumi məhsul buraxılışının həcmi 212,9 milyon manat olub
Biləsuvar, 15 oktyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun iş adamları və pambıq mülkiyyətçiləri iştirak edib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev qeyd edib ki, ötən 9 ayda rayonda ümumi məhsul buraxılışının həcmi 212,9 milyon manat olub. Məhsul buraxılışında kənd təsərrüfatının payı 116,4, ticarət 53,5, tikinti 19,8, sənaye 20,6, nəqliyyat 2,6 milyon manat təşkil edib. Doqquz ayda əsas kapitala 21,2 milyon manat investisiya yönəldilib. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2100 manat, orta aylıq əməkhaqqı isə 293 manat olub.
Diqqətə çatdırılıb ki, rayonda tikinti-quruculuq işləri ilin üçüncü rübündə də davam etdirilib. Prezidentin Sərəncamı ilə 10 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidən qurulması və rayon mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılıb. Dövlətimizin başçısı sentyabrın 3-də Biləsuvara səfəri zamanı Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun və mərkəzi xəstəxananın açılışında iştirak edib. Bundan başqa, rayon elektrik şəbəkəsinin inzibati binası, Səmədabad kəndində Heydər Əliyev parkı, Əsgərabad kəndində 480 yerlik tam orta məktəb binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin inzibati binalarının tikintisində son tamamlama işləri aparılır. Bəydili və Çinarlı-Aranlı kəndlərində yeni elektron ATS-lər quraşdırılıb, kənddaxili kabel və rabitə xətləri yenilənib, hər iki kənd rayon mərkəzinə fiberoptik xətlə əlaqələndirilib. Bəydili kəndində əhalinin tələbatını nəzərə alaraq, ATS-ə əlavə 100 nömrə artırılıb.
Yığıncaqda kənd təsərrüfatının inkişafından danışılaraq qeyd edilib ki, Biləsuvar kənd təsərrüfatı rayonu olduğu üçün iqtisadiyyatın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir. Mülkiyyətçilər tərəfindən 2016-cı ildə rayon üzrə 18,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Həmçinin 2015-ci ilin payızında əkilən 24,8 min hektar taxıl sahələrindən 79,8 min ton məhsul götürülüb.
Bu il rayonda 6 min hektar sahədə pambıq əkini aparılıb. Hesabat gününədək sahələrdən 4000 tona yaxın “ağ qızıl” toplanıb. Pambığın alış qiymətinin artırılması, subsidiyanın verilməsi, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi pambıqçılığa marağı daha da artıb. Bununla əlaqədar olaraq növbəti ildə rayonda 10 min 500 hektar sahədə pambıq əkini aparılması planlaşdırılıb. Bu da 20 mindən çox sakinin işlə təmin olunmasına şərait yaradacaq.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının fəaliyyəti ətraflı müzakirə edilib, konkret tapşırıqlar verilib.