REGİONLAR
Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülər cərimələnib
Biləsuvar, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Yol Polisi Bölməsinin keçirdiyi növbəti reyd zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadaların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən edilməmiş yerlərdə park edən sürücülər müəyyən olunub.
Həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati protokollar tərtib edilib.
Reyd zamanı aşkarlanan digər qayda pozuntuları ilə bağlı da qanunamüvafiq tədbirlər görülüb.
Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədini daşıyan bu kimi tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.