REGİONLAR


Biləsuvarın pomidor sahələrində məhsul boldur - REPORTAJ VİDEO

Biləsuvar, 20 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda yetişdirilən italyan pomidor sortlarından bu il yüksək məhsuldarlıq əldə olunub. Həmin sahələrdən ilkin çəkidə 100 tondan çox məhsul toplanılıb.

AZƏRTAC xəbər verir ki, may ayından başlayaraq təsərrüfat sahiblərinin açıq havada apardıqları nümunəvi becərmə işləri tarlalarda bol məhsula zəmin yaradıb.

Biləsuvarlı fermer Qeyrət Əsgərli bu il 3 hektar sahədə əkdiyi pomidor ştillərindən sağlam və keyfiyyətli məhsul toplayır. Deyir ki, yay fəslində suvarmada yaranmış çətinliklərə baxmayaraq, yaradılmış növbəli su təminatı ilə əkinlərə dəyəcək zərərin qarşısı alınıb.

“Bildiyiniz kimi, başqa rayonlarda olduğu kimi, Aran bölgəsində də bu il susuzluq nəticəsində qismən problemlər yaşandı. Amma Prezidentimizin bu sahəyə həssas yanaşmasının nəticəsi olaraq, bu vəziyyətdən çıxdıq, növbəli suvarma rejimi tətbiq olundu. Meliorativ tədbirlər həllini tapdı. Sahəmizi suvarma ilə təmin etdik və yüksək məhsul yetişdirdik. Pandemiyanın yaratdığı çətinliklər bizim rayondan da yan keçməmişdir. Qaydaları gözləməklə yetişdirdiyimiz məhsulları paytaxta və digər rayonlara aparıb satışın təşkil edirik”, - deyə təsərrüfat sahibi əlavə edib.

Aqronom Bayram Məmmədov isə bildirib ki, bu günə kimi 5-6 dəfə satış aparılıb: “Əsasən qonşu rayonlarda pomidor satışı həyata keçirilib. Oktyabr ayının sonlarına kimi məhsul yığımımız davam edəcək. Sağ olsun, dövlətimiz, fermerləri lazımi qayğılarla əhatə edib”.

Əkində əsasən yerli iqlim üçün əlverişli olan İtaliyanın “Lojayn” pomidor sortuna üstünlük verilir. Yaxşı qulluq göstərildikdə hər koldan mövsüm boyu 8-10 kiloqram məhsul götürmək olur. Havaların isti keçməsi pomidorun daha tez yetişməsinə imkan verdiyindən məhsul 3-4 gündən bir toplanılır. Əlverişli hava davam edərsə, sahədən 200 tondan artıq məhsul yığılacaq. Yığımla əlaqədar tarlalarda xeyli sayda yerli sakin mövsümi işlərə cəlb olunub. Alıcılar məhsulun keyfiyyətindən və bolluğundan razıdır.

Alıcı Vasif Feyzullayev: “Masallıdan gəlmişik. Məhsulu alıb, bazara aparırıq. Aldığımız məhsul iki cürdür - orta və böyük pomidor. Orta pomidorun kiloqramını 15 qəpiyə, iri pomidorun kiloqramını isə 50 qəpiyə alırıq. Pandemiya dövrü olsa da kənd təsərrüfatında işlər dayanmayıb. Gediş-gəlişimizdə problem yoxdur. Hər şey qaydasındandır. Biz də qiymətdən razıyıq, bizdən alanlar da”.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, builki mövsüm rayon ərazisində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilən 615 hektar pomidor sahəsindən 60 min tona yaxın məhsul istehsal olunub. Hazırda payızlıq əkin sahələrində yığım işləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.