REGİONLAR
Biləsuvarlı fermer: Pambıqçılıqda qazandığım uğurlar dövlətimizin dəstəyinin nəticəsidir
Biləsuvar, 5 avqust, Mahir Babayev, AZƏRTAC
Uzun illərdir pambıq əkini ilə məşğul oluram. Bu sahədə yaxşı təcrübə əldə etdiyimdən hər ili yüksək göstəricilərlə başa vururam. Son illər dövlətimiz tərəfindən aqrar sektorun digər sahələri ilə yanaşı, pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək, son məhsula görə verilən əlavə subsidiyalar, məhsulun alış qiymətinin ilbəil artırılması, gübrə, toxum, dərman preparatlarının əldə olunmasında tətbiq edilən güzəştlər bütün əkinçilər kimi mənim də işə olan maraq və məsuliyyətimi artırıb. Çalışıram ki, göstərilən hərtərəfli dəstəyə layiqli əmək göstəriciləri ilə cavab verim.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə biləsuvarlı pambıqçı Fazil Musayev deyib.
Fazil Musayevin əmək fəaliyyəti dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. O, 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. Bu uğurlardan ruhlanan fermer ötən il əkin sahəsinin hər hektarından 33,4 sentner məhsul götürməklə 167 ton pambıq əldə edib.
“Cari təsərrüfat ilində isə 10 hektar sahədə pambıq becərirəm. Çiyid səpinindən bu günə kimi bütün aqrotexniki tədbirlərə əməl etmişəm. Bitkini su, gübrə ilə təmin edib, ziyanvericilərə qarşı profilaktik tədbirləri həyata keçirmişəm. Gördüyüm işlər, çəkdiyim zəhmət isə hədər getməyib. Artıq bitki bar mərhələsindədir. Bol məhsul əldə etmək üçün becərmənin bundan sonrakı mərhələlərinə də düzgün əməl etməyə səy göstərəcəyəm. Çalışacağam ki, dövlətimiz tərəfindən biz pambıqçılara göstərilən hərtərəfli qayğıya layiqli əmək göstəriciləri ilə cavab verim”, - deyə o bildirib.