ELM VƏ TƏHSİL
Bilik Fondu bölgələrimizin abituriyentlərinə universitetləri tanıtdırır
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb. Layihə çərçivəsində ilk görüş Şamaxı, Ağsu, İsmayıllı, Oğuz və Qax rayonlarında keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, əhalinin elmi-texniki biliklərinin artırılması ilə bağlı fəaliyyət istiqamətinə əsasən həyata keçirilən layihənin məqsədi gənclər arasında bu sahənin populyarlaşmasına xidmət göstərməkdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Avrasiya Universiteti və Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə yuxarı sinif şagirdlərinə ali təhsil müəssisələri barədə ətraflı məlumat verilib. Görüşlərdə gələcəyin abituriyenti olacaq şagirdlərin seçim imkanlarının artırılması məqsədilə bu kimi tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Şamaxı Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev məktəblilərlə universitetlər arasında körpü yaradan Bilik Fonduna minnətdarlığını bildirib.
Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu müasir dünyanın daha çox elmi-texniki inkişaf üzərində qurulduğunu diqqətə çatdırıb və gənc nəslin bu amilə böyük diqqət ayırmasının vacibliyini vurğulayıb.
Ağsu Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin baş məsləhətçisi İzay İnayətov abituriyentlərin texniki sahəyə maraq göstərdiklərini və bu cür görüşlərin onların seçiminə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəyinə əminliyini bildirib. C.Musaoğlunun moderatorluğu ilə təşkil edilən təqdimat dinləyicilərin böyük marağına səbəb olub.
İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova Bilik Fondunun fəaliyyətindən danışıb. O, İsmayıllı Bilik Evinin əhalinin maarifləndirilməsi istiqamətində gördüyü işləri təqdirəlayiq hesab edib.
İnteraktiv formatda təşkil olunan təqdimatda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Oğuz şəhəri 3 nömrəli məktəb-liseydə keçirilən görüşdə Bilik Fondunun yerli nümayəndəsi, məktəb direktoru Anar Məcidov şagirdlərə yaradılan bu şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.
Layihənin hazırlanmasında Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsinə dair çağırışının əsas götürüldüyünü xatırladan C.Musaoğlu gənclərin texniki sahədə irəli çıxmalarının ölkənin hərtərəfli inkişafına böyük təkan verəcəyini bildirib.
İki gün ərzində davam edən görüşlərin bu mərhələ üçün yekun tədbiri Qax şəhəri 2 nömrəli məktəb-lisey kompleksində təşkil olunub.
Görüşdə Qax Bilik Evinin müdiri, Əmbərçay kənd orta məktəbinin direktoru Rövşən Hədisov diqqətə çatdırıb ki, ali ixtisas seçiminin daha düzgün aparılması gələcəyin sağlam təməllər üzərində qurulmasına böyük dəstəkdir.
Layihə barədə məlumat verən Bilik Fondunun aparıcı məsləhətçisi Elvin Hətəmov iştirakçılara universitetləri təqdim edib.
Sonra şagirdlərin məlumatları hansı səviyyədə mənimsəmələrini müəyyənləşdirilməsi məqsədilə onlar arasında sorğu keçirilib. Məlum olub ki, ali məktəb təmsilçiləri dinləyicilərə universitetləri yaxından tanıtmağı bacarıblar.
Məktəblilərin sualları cavablandırılıb, onlara xüsusi bukletlər, məlumat kitabçaları paylanıb.
Bilik Fondu “Universitetlərimizi yaxından tanıyaq” layihəsi çərçivəsində fərqli sahələr üzrə ixtisaslı kadr hazırlığı həyata keçirən universitetlərimizin əməkdaşlarının iştirakı ilə maarifləndirici görüşləri digər bölgələrimizdə də təşkil etmək niyyətindədir.