ELM VƏ TƏHSİL
Bilik Fondunun ideoloji mühazirələri Biləsuvar və Ağsuda davam etdirilib
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Biləsuvarda və Ağsuda növbəti mühazirələr təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Biləsuvar Heydər Əliyev Mərkəzində keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri - ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda söylədiyi mühazirədə son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən danışıb.
Bilik Fondunun təşkilatçılığı ilə Biləsuvarda daha bir mühazirə 4 nömrəli tam orta məktəbdə təşkil olunub. Yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Əlizadə Məmmədov ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ilə Azərbaycanın davamlı inkişafının təməlini qoyduğunu vurğulayıb.
Ağsu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Liderin xidmətləri barədə ətraflı məlumat verərək Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyini vurğulayıb.
Ağsunun Çiyni Kənd Mədəniyyət Evində kənd sakinləri üçün “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda növbəti mühazirə keçirilib. Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev ölkə başçısının yürütdüyü daxili və xarici siyasətdən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin əhəmiyyətindən ətraflı bəhs edib.
İnteraktiv formada keçən mühazirələrdə mütəxəssislər yerli sakinlərin suallarını cavablandırıblar.