CƏMİYYƏT
Binəqədi rayonunda dörd mənzildən oğurluq edən şəxs saxlanılıb
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 2-də saat 21 radələrində Binəqədi rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən, paytaxt sakini, əvvəllər məhkum olunmuş Elşən Əsgərov Binəqədi Rayon Mühafizə İdarəsinin və 7-ci polis bölməsinin əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış nəticəsində saxlanılıb. Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Polis bölməsində E.Əsgərovla bağlı keçirilən əlavə əməliyyat tədbirləri ilə onun cari ilin yanvarın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha dörd mənzildən məişət əşyaları, üç velosiped və digər əşyalar oğurladığı məlum olub.
Faktla bağlı 7-ci polis bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Oğurluq etməkdə şübhəli bilinən həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili işlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Binəqədi Rayon Polis İdarəsinə və ya 7-ci polis bölməsinə müraciət edə bilərlər.