CƏMİYYƏT
Binəqədidə 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 26 aprel, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar həyata keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə yeni tikilməkdə olan evlərdən təmir-tikinti və kombi aparatları oğurlayan əvvəllər məhkum olunmuş Vüsal Zeynalov da saxlanılaraq istintaqa təqdim edilib. Onun saxlanılan müddətə qədər 10 evdən oğurluq etdiyi məlum olub.
Aşkar edilən faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Bəhruz Əhmədov və Vüsal Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, 43-cü Polis Bölməsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.