ELM VƏ TƏHSİL
“Bir” Tələbə-Könüllü Proqramı Azərbaycan tələbələrinin dostluq şəbəkəsidir
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Azərbaycan Texniki Universitetində (AzTU) birinci kurs tələbələri üçün Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, proqramın nümayəndəsi Kamran Əliyev bu layihənin Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri, dəyərləri çərçivəsində dostluq şəbəkəsi olduğunu deyib.
Daha sonra AzTU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev proqramın əhəmiyyətindən danışıb və gəncləri bu layihədə fəal iştirak etməyə çağırıb.
Qeyd olunub ki, proqramın məqsədi tələbə-könüllülərin dünyagörüşünü artırmaq, fərdi və ictimai fəaliyyətin inkişafına şərait yaratmaq, asudə vaxtı səmərəli təşkil etməkdir. Proqram çərçivəsində ölkədə könüllülərin fəaliyyəti vahid məlumat bazasında sistemləşdirilir.
Proqramı təmsil edən nümayəndələr tələbələrlə müxtəlif intellektual oyunlar keçiriblər. Qalib tələbələrə hədiyyələr təqdim olunub.
Tədbirdə videoçarxlar nümayiş etdirilib.
Sonda tələbələrin sualları cavablandırılıb.