DÜNYA
Birləşmiş Ştatların gündəlik neft istehsalı artıb
Bakı, 3 dekabr, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft hasilatı artır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 112 min barrel artaraq gündəlik orta hesabla 11,6 milyon barreli keçib.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 171 min barrel artaraq sutkalıq 5,4 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 625 min barrel çoxalaraq gündəlik 3,45 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,4 milyon barrel, gələn il isə 11,1 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.