İQTİSADİYYAT
Biznes assosiasiyalarının fəaliyyətinin gücləndirilməsinə dair müzakirələr aparılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin iştirakı ilə biznes assosiasiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, koordinasiyanın gücləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsinin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə N.Səfərov biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyalar tətbiq edilməklə yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı sahəsində görülən işləri, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirlərini vurğulayıb. Nazir müavini dövlət-özəl sektor tərəfdaşlığının inkişafının, bu sahədə ASK ilə əməkdaşlığı genişləndirməyin əhəmiyyətini qeyd edib.
Dövlətin biznesin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdıran ASK-ın prezidenti M.Musayev iqtisadi inkişafda sahibkarlığın rolunu qeyd edib, ölkə başçısının xaricdə yaşayan azərbaycanlı iş adamlarını respublikamıza sərmayə qoymağa dəvət etdiyini vurğulayaraq konfederasiyanın 18 ölkədə xarici nümayəndələrinin fəaliyyət göstərdiyini, həmin nümayəndələr vasitəsilə Azərbaycana investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə tədbirlərin görüləcəyini bildirib.
Tədbirdə çıxış edənlər sahəvi assosiasiyaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflərini səsləndirib, müzakirələr aparılıb.